AZE | RUS | ENG |

Dövlətə və milli maraqlara qarşı məkrli təxribat

Dövlətə və milli maraqlara qarşı məkrli təxribat
Dövlətin təhlükəsizliyi və milli mənafelər müzakirə mövzularına çevrilməməlidir

Terrorizm siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Etnik, kriminal, separatçı və sair zorakılıq halları da terrorizmin bir növü kimi qiymətləndirilir. Terrorizm yalnız dövlət xadimlərinə edilmiş hərəkət sayılmır. Çünki real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir. Nəticə etibarilə terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Azərbaycan da müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra terror aktlarından, həmçinin etnik zəmində qətllərdən, separatizmdən əziyyət çəkib. İşğalçı Ermənistanın xüsusi xidmət orqanlarına, həmçinin erməni terror təşkilatı kimi tanınan ASALA-ya bağlılığı olan şəxslərin vasitəsilə müxtəlif vaxtlarda Azərbaycanda terror aktları törədilib. Metro nəqliyyatında, ölkələrarası sərnişin avtobuslarında, eləcə də azərbaycanlıların yaşadıqları kənd və şəhərlərdə törədilən belə terror aktları zamanı yüzlərlə dinc sakinimiz həlak olub. Bundan başqa, müstəqilliyimizin möhkəmləndiyi, ölkəmizin inkişaf etdiyi illərdə də Azərbaycanda terror aktları törədilib. 
 
 

2018-ci il iyulun 3-də Yunis Səfərov adlı bir şəxsin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum etməsi, onu ağır yaralaması, ardınca Gəncə şəhərində ictimai yerdə iki nəfər yüksək rütbəli polis zabitinin radikal şəxslər tərəfindən xəncərlə qətlə yetirilməsi də bu qəbildən olan hadisədir, dövlətin vəzifəli şəxslərinə, qanun keşikçilərinə, ümumən isə Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı törədilən terror aktlarıdır. Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə yetərincə məlumat verilib, istintaq zamanı üzə çıxarılan çoxsaylı təkzibedilməz sübutlar təqdim olunub, cinayətkarlar saxlanılıb, silahlı müqavimət göstərənlər məhv edilib. Cəmiyyət də bu hadisələrin terror aktı olduğunu qəbul edib və terroru planlaşdıranları, icra edənləri lənətləyib.
 
 

Lakin əfsuslar olsun ki, özlərini "demokrat”, "siyasi mühacir”, "vicdan məhbusu”, "müxalifətçi” adlandıran bəzi şəxslər bu reallıqları görmək əvəzinə, sosial şəbəkələrdə etdikləri paylaşımlar, yazdıqları statuslarla terrorçulardan "qəhrəman obrazı” yaratmağa çalışır, necə deyərlər, bulanıq suda balıq tutmağa cəhdlər edirlər.
 
 
 
Onlar bir sıra hallarda terroru törədən Yunis Səfərovun qanlı əməlinə haqq qazandırır, ona hamilik də edirlər. Halbuki, həmin cinayətkarın radikal dini təsir altında olduğu, Suriyada, İranda hərbi təlimlərdə iştirak etdiyi, xaricdən idarə olunduğu, sifariş yerinə yetirdiyi faktdır.
 
 
 
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə verdiyi xüsusi açıqlamasında qeyd edib ki, 2018-ci il iyulun 3-də törədilən olay Azərbaycan dövlətçiliyinə qarşı qəsddir. Onun sözlərinə görə, ötən müddətdə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqləyib ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatıdır. Prezidentin köməkçisi vurğulayıb ki, dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir: "Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi, milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməlidir. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir”.
 
 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu "Kaspi” qəzetinə açıqlamasında deyib ki, Gəncə hadisələrinin ildönümü ərəfəsində sosial şəbəkələrdə bəzi marginal qruplar, "mühacirlər” növbəti dezinformasiya xarakterli məlumatlarla Azərbaycanın siyasi gündəmini dəyişməyə uğursuz cəhdlər ediblər. Millət vəkilinin fikrincə, bu zaman onlar üçün əsas mövzu və ya hərəkət terror aktını törədən Yunis Səfərovun Azərbaycan cəmiyyətinə "milli qəhrəman” kimi təqdim edilməsi olub: "Onlar terrorçudan, rəsmən dövlətə əl qaldırmış, silah çəkmiş bir şəxsdən "qəhrəman” obrazı yaratmaq istədilər. Əlbəttə ki, bu, təsadüfən baş vermirdi. Sistemli şəkildə sosial şəbəkələrdə, ayrı-ayrı marginal qrup rəhbərlərinin Facebook səhifələrində status formasında bu kimi məsələlər gündəmə gətirilirdi. Azərbaycanın real gündəminin dövlətçiliyin əleyhinə, milli maraqların əksinə olan zəbt edilməsi adekvat cavabla qarşılandı. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Gəncə hadisələrinin və başladılan bu proseslərin əsl mahiyyəti ilə bağlı açıqlama verdi, üstəlik də marginal qrupların, bəlli mərkəzlərin nə üçün bu hadisə üzərindən fəallaşmasını da izah etdi. Bəlli oldu ki, bu hadisədən Azərbaycan dövlətinə, siyasi sisteminə qarşı təxribat kimi yararlanmaq istəyirlər. Amma məsələ burasındadır ki, Azərbaycan cəmiyyətinin siyasi və tarixi yaddaşı qısa deyil. Cəmiyyətimiz hər bir şeyi doğru-düzgün təhlil etməyi, nəyin nə üçün baş verdiyini özü analiz etməyi, düzgün qənaətə gəlməyi bacarır. Məhz bu səbəbdən də bir həftə ərzində marginal qruplar tərəfindən qeyd edilən istiqamətdə çoxsaylı cəhdlər edilməsinə rəğmən, Azərbaycanın siyasi gündəminin dəyişilməsi hadisəsi baş vermədi. Əksinə, bu mövzunu gündəmə gətirməklə özlərinin kim olduqlarını, hansı amala və nəyə xidmət etdiklərini növbəti dəfə ortaya qoydular. Hesab edirəm ki, bu, sistemli şəkildə düşünülmüş növbəti təxribat cəhdi idi. Lakin onların bu cəhdləri baş tutmadı”. 
 
Rufik İSMAYILOV
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966